Akademik Hüquqi Yazı haqqında Eugene Volokh’la Onlayn Konfrans
4 mart, 2016-cı il tarixində Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının və BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı, ABŞ-ın University of California, Los Angeles, School of Law professoru Eugene Volokh’un iştirakı, Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH Qruplarının dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Akademik Hüquqi Yazı haqqında onlayn konfrans keçirilib.
Eugene Volokh Academic Legal Writing kitabının müəllifi və ən çox istinad olunan məqalə müəlliflərindən biridir (22-ci).
Konfransda, hüquq tələbələri ilə birgə BDU Hüquq fakültəsinin dekanı, h.e.d., prof.Əmir Əliyev, BDU Hüquq fakültəsinin Konstitusiya Hüququ kafedrasının Baş müəllimi Elşad Nəsirov, BDU Hüquq fakültəsinin Beynəlxalq Xüsusi Hüquq və Avropa Hüququ kafedrasının müəllimi Elnur Aslanov, ADA Universiteti İctimai və Beynəlxalq Əlaqələr Məktəbinin müəllimi, Ph.D Rəşad İbadov, eləcə də, praktiki hüquqşünaslar iştirak etmişdir.
Konfransa öncə prof. Əmir Əliyev öz çıxışı ilə başlamış, BDU Tələbə Hüquq Jurnalının Baş Redaktoru Mehran Əmirli (Hüquq ixtisası üzrə BDU SABAH qrupu, III kurs) və BDU Tələbə Hüquq Jurnalının İcraçı Redaktoru Əmrah Rəhmanov (Hüquq ixtisası üzrə BDU SABAH qrupu, III kurs) isə konfransın keçirilməsi məqsədi və Jurnalın uğurları haqqında məlumat vermiş, daha sonra konfransa onlayn qoşulan prof. Volokh akademik hüquqi yazı haqqında ümumi məlumat vermiş, hüquqi yazının hüquqşünas üçün əhəmiyyətindən və hüquqi yazının inkişafı üçün hüquq jurnallarının rolundan və ABŞ hüquq jurnallarına məqalənin necə göndərilməsindən, həmçinin BDU Tələbə Hüquq Jurnalının nəşr edilməsi üçün edilən təşəbbüsün böyük əhəmiyyət daşımasından danışmışdır.
Sonda Elşad Nəsirov, Rəşad İbadov və Elnur Aslanov tələbələrə öz tövsiyələrini vermiş, TEC-in fəaliyyətində uğurlar arzulamış və tələbələri bu cür akademik fəaliyyətlərlə daha sıx məşğul olmağa çağırmışdır.
Konfransın keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasına təşəkkürümüzü bildiririk!