Arbitraj mübahisələrin məhkəmədən kənar, alternativ həlli üsuludur. Azərbaycanda arbitraj sahəsindəki münasibətlər yeni təsdiq edilmiş “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməkdədir. Bu Qanun arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.

Qanun qəbul edilənədək Azərbaycanda hüquq ictimaiyyətinin arbitraj sahəsi ilə bağlı maarifləndirilməsi istiqamətində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti aşağıdakı işlərə imza atmışdır:

– 2018-ci ildən etibarən Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən 5 dəfə Topçubaşov Arbitraj Müsabiqəsi keçirilmişdir. Müsabiqələrdə 5 hüquq məktəbindən 400-ə yaxın tələbə iştirak etmişdir, 60 hüquqşünas müsabiqənin təşkilində arbitr kimi, 30 hüquq şirkəti partnyor kimi cəlb edilmişdir;

– Arbitraj sahəsində  beynəlxalq kommersiya arbitrajı, arbitraj prosesinin mərhələləri, prinsipləri, Beynəlxalq Ticarət Palatası Arbitraj Qaydaları mövzularında 12 təlim təşkil olunmuşdur;

– Məhkəmə Müsabiqə Cəmiyyətinin saytında arbitraj ilə bağlı arbitrajın tarixi, onlayn arbitraj, lex mercatoria və arbitraj kimi mövzularda 21 bloq yazısı yerləşdirilmişdir;

– BDU Tələbə Hüquq Jurnalında arbitrajla bağlı beşi ingilis dilində olmaqla, altı məqalə dərc olunmuşdur. Sözügedən məqalələrdə arbitraj sahəsindəki mübahisəli məsələlər həm beynəlxalq, həm də Azərbaycan kontekstində təhlil edilmişdir;

– Jurnalın 1-ci Buraxılışında dərc edilmiş “Beynəlxalq Kommersiya Arbitrajında ictimai qayda: Azərbaycan perspektivi” və 8-ci Buraxılışın 2-ci Sayında dərc edilmiş  “Arbitraj sazişinə tətbiq olunan hüquq: Azərbaycan qanunvericiliyindən çıxarışlar” məqalələrində milli qanunvericiliyin inkişafı üçün təkliflər verilmişdir. Bu təkliflər “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır;

– BDU Tələbə Hüquq Jurnalı  2023-cü ildə Parisdə keçirilən ilk Azərbaycan Arbitraj Gününün təşkilatçı partnyorlarından biri olmuşdur. Həmin konfransın stenoqramları 9-cu Buraxılışın 2-ci Sayında dərc edilmişdir;

– Hüquq Müzakirə Forumu çərçivəsində arbitraj sahəsində 4 forum keçirilmişdir. Bu forumlarda arbitraj sazişi, arbitrajla həll edilə bilən mübahisələr, arbitraj qərarlarının icrası, Nyu-York Konvensiyasına əsasən arbitraj qərarlarının tanınması  və digər məsələlər müzakirə olunmuşdur.